Az1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

Azərbaycan Respublikasının Beynəlxalq Antikorrupsiya Akademiyasına verdiyi töhfələr yüksək qiymətləndirilmişdir

Dekabrın 9-dan 11-dək Vyanada “Beynəlxalq Antikorrupsiya Akademiyasının beynəlxalq təşkilat qismində təsis edilməsi haqqında” Sazişə tərəfdaş dövlətlərin Assambleyasının IV sessiyası keçirilmişdir.

 

Tədbirdə Azərbaycan Respublikasını Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi və tərkibinə Xarici İşlər Nazirliyinin məsul əməkdaşlarının daxil olduğu nümayəndə heyəti təmsil etmişdir.

 

Plenar iclasda K.Əliyev ötən ilin noyabrında Bakıda keçirilmiş III sessiya zamanı Assambleyanın sədri vəzifəsinə seçilmiş Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun adından çıxış edərək Azərbaycanda son illərdə həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirləri, o cümlədən ən uğurlu qabaqlayıcı institusional tədbirlərdən biri kimi “Asan xidmət” mərkəzlərinin fəaliyyəti, habelə ölkəmizin bu sosial bəlaya qarşı mübarizə sahəsində  apardığı səmərəli beynəlxalq əməkdaşlıq barədə ətraflı məlumat vermişdir.

 

Azərbaycanın Assambleyaya sədrliyi dövründə həyata keçirilmiş uğurlu fəaliyyət nəticəsində 5 ölkə Akademiyaya üzv qəbul olunmaqla qeyd olunan Sazişə qoşulmuş və ya ratifikasiya etmiş üzvlərin sayı 65-ə çatmışdır. Sessiyada Akademiyanın rəhbərliyi tərəfindən ötən müddət ərzində Azərbaycanın təşkilata verdiyi töhfələr yüksək qiymətləndirilmişdir.

 

Assambleyanın nizamnaməsinə görə sessiyanın açılışında təşkilata sədrlik Nigeriyaya keçmişdir.

 

Daha sonra Akademiyanın İdarə Heyətinə seçkilər keçirilmişdir. Təşkilatın fəaliyyətinə ölkəmizin verdiyi töhfələrin məntiqi nəticəsi kimi Azərbaycan parlamentinin deputatı Vüsal Hüseynov 6 il müddətinə İdarə Heyətinə üzv seçilmişdir.

 

Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti Bolqarıstanın vitse-prezidenti, Akademiyanın İdarə Heyətinin sədri xanım Marqarita Popova, Avstriyanın Daxili işlər naziri xanım Yohanna Mikl-Leytner, Akademiyanın dekanı və icraçı katibi Martin Kroytner və digər nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirmiş, gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmişdir.

 

Tədbirdə Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov iştirak etmişdir.

 

Sessiya çərçivəsində tədbir iştirakçılarına Azərbaycan Respublikasında son 10 il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirləri özündə əks etdirən jurnallar paylanmışdır.