Antikorrupsiya hüququ vəsaiti üzrə müəlliflər kollektivinin növbəti iclası keçirilib
2026-cı il 17 iyun tarixində Hilton Baku Hotel-də Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının (bundan sonra – Komissiya) Təhsil və maarifləndirmə ilə bağlı işçi qrupunun fəaliyyəti çərçivəsində “Antikorrupsiya hüququ” vəsaitinin hazırlanması üzrə müəlliflər kollektivinin növbəti iclası keçirilmişdir.
İclas elmi-praktik seminar formatında təşkil olunmuşdur. Seminarın məqsədi müəlliflərin elmi-tədqiqat və tədris-metodiki fəaliyyətlərinin keyfiyyətinin artırılması, habelə vəsaitin hazırlanması prosesində vahid metodoloji yanaşmaların formalaşdırılması olmuşdur.
Seminar zamanı iştirakçılar hüquqi tədqiqat metodologiyası və akademik hüquqi yazı məsələlərinə həsr olunmuş iki təqdimatla tanış olmuşlar.
İlk təqdimat “Akademik hüquqi yazının əsasları” mövzusunda olmuşdur və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının baş müəllimi, hüquq elmləri doktoru Gülnaz Rzayeva tərəfindən təqdim edilmişdir. Təqdimatda akademik yazının əsas prinsipləri, plagiatın yolverilməzliyi, ilkin mənbələrə düzgün istinad edilməsinin vacibliyi, və müəllifin öz elmi mövqeyini əsaslandırmasının əhəmiyyəti vurğulanmışdır.
Çıxış zamanı akademik tədqiqatın hazırlanmasının əsas mərhələləri, mövzu seçimi, tədqiqat sualının formalaşdırılması, mətnin strukturlaşdırılması və redaktə prosesi barədə ətraflı məlumat təqdim edilmişdir. İştirakçılara beynəlxalq və milli hüquqi mənbələrdən, elektron kitabxanalardan və elmi məlumat bazalarından səmərəli istifadə ilə bağlı tövsiyələr verilmişdir. Eyni zamanda, elmi jurnalların keyfiyyətinin qiymətləndirilməsi və akademik standartlara cavab verməyən jurnalların müəyyən edilməsi üsulları izah olunmuşdur.
Komissiyasının katibi Təbriz Musayevin “Hüquqi tədqiqatların aparılma metodları və qaydaları” mövzusundakı təqdimatında hüquqi tədqiqatların əsas növləri və mərhələləri, tədqiqat probleminin müəyyənləşdirilməsi, arqumentasiya, əldə edilmiş nəticələrin təhlili və qiymətləndirilməsi məsələləri əks olunmuşdur.
Bununla yanaşı, hüquqi və elmi mənbələrlə işləmə qaydaları, ixtisaslaşmış elmi məlumat bazalarından istifadə üsulları, müasir rəqəmsal alətlərin və süni intellekt texnologiyalarının tədqiqat prosesində tətbiqi imkanları iştirakçıların diqqətinə çatdırılmışdır. Həmçinin elmi mətnlərlə işləməyin praktiki üsulları, o cümlədən parafraz etmə, ümumiləşdirmə, təsvir etmə, təsnifatlandırma və izah etmə metodları nümunələr əsasında izah edilmişdir.
Təqdimatların başa çatmasından sonra iştirakçılara onları maraqlandıran sualları səsləndirmək və müzakirə olunan mövzular ətrafında fikir mübadiləsi aparmaq imkanı yaradılmışdır.
Keçirilmiş seminar müəlliflər kollektivinin elmi-tədqiqat və metodiki bacarıqlarının inkişafına, peşəkar təcrübə mübadiləsinin aparılmasına və “Antikorrupsiya hüququ” dərs vəsaitinin müasir elmi və tədris standartlarına uyğun hazırlanmasına töhfə vermişdir.

