2027-2029-cu illər üçün MFP-nin layihəsinə dair verilmiş təkliflərin müzakirəsinə dair iclas keçirilib
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin Məlumatların qəbulu və qiymətləndirmə sektorunun baş məsləhətçisi Azər Bayramov iclasa giriş sözü ilə başlayaraq iştirakçıları salamlamış və iclasın təşkilinə görə Komissiyanın Katibliyinə təşəkkürünü bildirmişdir. O, “Korrupsiya ilə mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın monitorinqi və qiymətləndirilməsi Metodologiyası”nın artıq tətbiq olunmağa başladığını qeyd etmiş və əsas müzakirələrin təqdim edilmiş təkliflərin mahiyyətinin aydınlaşdırılmasına, həmin təkliflərə dair iştirakçıların fikirlərinin dinlənilməsinə və hər bir təklif üzrə müvafiq qərarın qəbul edilməsinə yönələcəyini bildirmişdir.
Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi Təbriz Musayev çıxış edərək vurğulamışdır ki, hər hansı qurum tərəfindən irəli sürülən təklifin digər əlaqəli qurumlarla müzakirə edilməsi məqsədəuyğundur. O, hazırkı müzakirələrin əsasən hasilat və nəticə indikatorlarına yönələcəyini qeyd etmişdir. Bildirmişdir ki, təklif olunan tədbirlərin həyata keçirilməsi nəticəsində əldə ediləcək nəticələr və onların hansı meyarlar əsasında ölçüləcəyi əvvəlcədən müəyyən edilməlidir. Məsələn, yeni qanun qəbul edildiyi halda, onun icrasının və effektivliyinin hansı göstəricilər əsasında qiymətləndiriləcəyi aydın olmalıdır. Bu yanaşma həm tədbirlərin səmərəliliyinin, həm də keyfiyyətinin artırılmasına xidmət edəcəkdir.
İlk olaraq Hesablama Palatasının mövcud qanunvericiliyin təkmilləşdirilməsinə dair aşağıdakı iki təklifi müzakirəyə çıxarılmışdır:
1. Dövlət əmlakının istifadəsi və idarə edilməsinin çərçivə prinsiplərinin müəyyən edilməsi, habelə dövlət sektorunda daxili nəzarət sisteminin tənzimlənməsi üzrə qanunvericilik bazasının formalaşdırılması.
2. Dövlət əmlakından istifadə edən dövlət kommersiya hüquqi şəxsləri ilə bağlı dövlət sifarişlərinin formalaşdırılması üzrə qanunvericiliyin təkmilləşdirilməsi.
Hesablama Palatasının Hüquqi təminat və keyfiyyətə nəzarət şöbəsinin müdiri Nuranə Səfərova təkliflərin müzakirəsi zamanı beynəlxalq təcrübədə dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadəsinə dair müxtəlif yanaşmaların mövcud olduğunu vurğulamış, Türkiyə və Gürcüstanın qanunvericiliyindən nümunələr gətirmişdir. O, dövlət əmlakının idarə edilməsi və istifadəsi anlayışlarının, eləcə də bu sahədə səmərəlilik meyarlarının dəqiq müəyyənləşdirilməsinin vacibliyini qeyd etmişdir. Bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2007-ci il tarixli 586 nömrəli «Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında» Fərmanında dövlət əmlakının idarə edilməsinə, 14 iyul 2023-cü il tarixli 988-VIQ nömrəli «Dövlət satınalmaları haqqında» Qanunda isə onun istifadəsinə dair məsələlər qismən əhatə olunur. Bununla belə, sözügedən sahələri bütövlükdə əhatə edən hüquqi çərçivə mövcud deyil.
N.Səfərova, həmçinin səmərəlilik anlayışının müxtəlif formalarda şərh olunduğunu, səmərəli və qənaətli istifadənin hansı meyarlar əsasında qiymətləndirilməli olduğunun isə kifayət qədər aydın olmadığını bildirmişdir. Onun fikrincə, bu məsələlərin həlli üçün müvafiq hüquqi çərçivənin formalaşdırılması və dörd əsas istiqamətin — dövlət əmlakının idarə edilməsi, dövlət əmlakının istifadəsi, səmərəlilik meyarları və daxili nəzarət sisteminin tənzimlənməsi — dəqiq müəyyənləşdirilməsi zəruridir.
Əlavə olaraq, N.Səfərova qeyd etmişdir ki, publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ayrılması zamanı müqavilə formasından istifadə edilir. Lakin səhmləri (payları) dövlətə məxsus olan məhdud məsuliyyətli cəmiyyətlər, qapalı səhmdar cəmiyyətləri və açıq səhmdar cəmiyyətləri üçün analoji tələblər nəzərdə tutulmamışdır. Bu isə ayrılmış vəsaitlərin izlənilməsini və təyinatı üzrə istifadəsinin yoxlanılmasını çətinləşdirir.
Müzakirə zamanı T.Musayev və A.Bayramov dövlət auditinin əhatə dairəsi və təklif olunan yeni hüquqi tənzimləmənin mövcud qanunvericilikdən hansı cəhətlərinə görə fərqlənəcəyi ilə bağlı suallar ünvanlamışlar.
N.Səfərova cavabında Hesablama Palatasının və Maliyyə Nazirliyinin dövlət qurumlarında yoxlamalar həyata keçirərkən kənar nəzarət funksiyasını yerinə yetirdiklərini, qurumdaxili auditorların isə qurumun daxili məsələlərinə və cari fəaliyyətinə nəzarəti həyata keçirməli olduqlarını vurğulamışdır. O, hazırda dövlət orqanlarında cari maliyyə nəzarəti funksiyasının Maliyyə Nazirliyi tərəfindən həyata keçirildiyini, bununla yanaşı, həmin qurumların daxilində də müvafiq nəzarət mexanizmlərinin mövcud olmasının vacibliyini qeyd etmişdir. Bildirmişdir ki, qurumdaxili nəzarət sistemi, eyni zamanda, aidiyyəti qurumların Hesablama Palatası və Maliyyə Nazirliyi ilə münasibətlərinin tənzimlənməsini də əhatə etməlidir.
A.Bayramov sözügedən məsələlərin korrupsiya risklərinin idarə edilməsi baxımından əhəmiyyətini və onların 2027–2029-cu illər üzrə milli strategiyada əks etdirilməsinin zəruriliyini sorğulamışdır.
N.Səfərova nümunə olaraq qeyd etmişdir ki, dövlət qurumları dövlət vəsaitlərinin istifadəsi zamanı mövcud olan müxtəlif üsullardan birini seçirlər. Seçilmiş üsulun səbəbləri araşdırıldıqda və alternativ üsulun daha səmərəli olmaqla dövlət vəsaitinə qənaət etməyə imkan verəcəyi göstərildikdə, qurumlar bəzən cavab olaraq qanunvericilikdə seçilmiş üsulun tətbiqini məhdudlaşdıran müddəanın olmadığını bildirirlər. Bu isə daha səmərəli üsulların seçilməsini təşviq edən və ya təmin edən mexanizmlərin yetərincə tənzimlənmədiyini göstərir.
Daha sonra Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəis müavini Tural Vəlibəyov təklif olunan hüquqi tənzimləmənin nəzarətin mərkəzləşdirilməsini nəzərdə tutub-tutmadığı və nəzarət funksiyasını həyata keçirən qurumun səlahiyyət dairəsinin nədən ibarət olacağı barədə sual ünvanlamışdır.
N.Səfərova cavabında təklif olunan tənzimləmənin nəzarətin mərkəzləşdirilməsini nəzərdə tutmadığını, əsas məqsədin müxtəlif termin və anlayışlar üzrə hüquqi müəyyənliyin təmin edilməsi olduğunu bildirmişdir. O, əlavə nəzarət mexanizmlərinin nəzərdə tutula biləcəyini, bununla yanaşı, mövcud nəzarət üsullarının daha aydın və anlaşılan şəkildə tənzimlənməsinin, xüsusilə də daxili nəzarətin əhatə dairəsinin və sərhədlərinin dəqiq müəyyən edilməsinin vacibliyini vurğulamışdır.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin Hüquq sektorunun baş məsləhətçisi Vüsal Abbasov təklif olunan məsələlərin vahid qanunla, yoxsa fərqli mahiyyətə və hüquqi qüvvəyə malik normativ-hüquqi aktlarla tənzimlənməsinin nəzərdə tutulduğunu soruşmuşdur.
N.Səfərova izah etmişdir ki, qanunvericiliyin təkmilləşdirilməsi dedikdə mütləq şəkildə ayrıca bir qanunun qəbul edilməsi nəzərdə tutulmur. Yeni anlayışlar, terminologiya və tənzimləmə mexanizmləri müxtəlif mahiyyətə və hüquqi qüvvəyə malik normativ-hüquqi aktlarla da müəyyən edilə bilər. Əsas məqsəd müvafiq məsələlərin hüquqi tənzimləmə ilə tam əhatə olunmasını təmin etməkdir.
Növbəti olaraq T.Musayev Maliyyə Nazirliyinin dövlət büdcəsi sahəsində normativ-hüquqi bazanın müasir tələblərə uyğunlaşdırılmasına dair təklifini müzakirəyə çıxarmışdır.
N.Səfərova çıxış edərək büdcə sisteminə dair mövcud qanunvericilik bazasının sistemli şəkildə təkmilləşdirilməsinə ehtiyac olduğunu bildirmişdir. O, qüvvədə olan «Büdcə sistemi haqqında» Qanunun köhnəldiyini, sənəddə həm texniki, həm də sistemli xarakterli nöqsanların mövcud olduğunu qeyd etmişdir.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Büdcə şöbəsinin Dövlət büdcəsinin icrasının təhlili və analitika sektorunun müdiri Emin Alıyev də çıxış edərək N. Səfərovanın fikirləri ilə razılaşmış və bu sahədə qanunvericiliyin yenilənməsinin zəruriliyini vurğulamışdır.
T.Musayev təklifin ümumi xarakter daşıdığını və yeni MFP-yə daxil edilməsi üçün daha da konkretləşdirilməli olduğunu bildirmişdir. Bu səbəbdən təklifin müzakirəsi növbəti iclasa saxlanılmışdır.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsinin müdir müavini Zakir Hacıyev çıxış edərək xərc normativlərinin təkmilləşdirilməsinə dair təklifi təqdim etmişdir. O, bəzi xərc növlərinin artıq faktiki olaraq istifadə olunmadığını, digər xərc növlərinin isə praktikada mövcud olmasına baxmayaraq, müvafiq normativ sənədlərdə əks etdirilmədiyini bildirmişdir. Həmçinin qeyd etmişdir ki, bu istiqamətdə artıq müvafiq işlər görülür.
T.Musayev və A.Bayramov sözügedən sahədə işlərin artıq başlanıldığını və yaxın gələcəkdə müvafiq hüquqi aktın qəbul olunmasının gözlənildiyini nəzərə alaraq, təklifin MFP layihəsindən çıxarılmasını təklif etmişlər.
Daha sonra Hesablama Palatasının dövlət subsidiyaları sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair təklifi müzakirə edilmişdir.
N.Səfərova çıxışında subsidiyaların əvəzsiz əsaslarla təqdim olunmasının vəsaiti alan şəxslərdə vəsaitin istifadəsinə nəzarət edildiyi barədə qənaətin formalaşmamasına səbəb ola bildiyini qeyd etmişdir. O, subsidiya alan şəxsin vəsaiti təyinatı üzrə istifadə etmədiyi hallarda tətbiq olunacaq məsuliyyət və ya digər təsir mexanizmlərinin yetərli olmamasını, eləcə də monitorinqin həyata keçirilməməsini əsas problemlər kimi göstərmişdir.
N.Səfərova nümunə olaraq damazlıq məqsədilə fermerə verilmiş heyvanın sonradan tapılmadığı halları qeyd etmiş və belə vəziyyətlərdə heyvanın təyinatı üzrə istifadə edilib-edilmədiyini, yaxud kəsimə verilib-verilmədiyini müəyyənləşdirməyin mümkün olmadığını bildirmişdir. Bununla yanaşı, o, bu sahədə elektronlaşma tədbirlərinin həyata keçirilməsinə artıq başlanıldığını vurğulamışdır.
Hesablama Palatasının maliyyə idarəçiliyi sahəsində mövcud elektron informasiya sistemlərinin inteqrasiyasına dair növbəti təklifi müzakirə olunmuşdur. N.Səfərova çıxış edərək bu istiqamətdə artıq müəyyən işlərin görüldüyünü bildirmiş və buna görə də tədbirin MFP layihəsindən çıxarılmasını təklif etmişdir.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Müasir texnologiyalar və innovasiyalar şöbəsinin müdiri Nurlan Soltanov isə təklifin MFP layihəsində saxlanılmasının məqsədəuyğun olduğunu bildirmişdir. O, inteqrasiya istiqamətində işlər görülsə də, prosesin gələcək inkişafının və yekun nəticələrinin hələ tam aydın olmadığını qeyd etmişdir. Bu səbəbdən, konkret məsələləri əhatə edən indikatorların müəyyənləşdirilməsinə ehtiyac yarana biləcəyini vurğulamışdır.
Daha sonra Hesablama Palatasının dövlət satınalmaları sahəsində korrupsiya risklərinin müəyyən edilməsi və qiymətləndirilməsi, habelə ehtimal olunan qiymətlərin hesablanması qaydalarının təkmilləşdirilməsinə dair təklifi müzakirə edilmişdir.
N.Səfərova qeyd etmişdir ki, praktikada Hesablama Palatasının müəyyən etdiyi ehtimal olunan qiymətlə müvafiq dövlət qurumunun müəyyən etdiyi qiymət arasında bəzən fərqlər yaranır. Onun fikrincə, bu cür uyğunsuzluqların aradan qaldırılması üçün rəqəmsal alətlərdən istifadə edilməsi məqsədəuyğun olardı. Belə alətlər müxtəlif məlumatları emal etməklə ehtimal olunan qiyməti avtomatik müəyyən edə və həmin qiymətin müvafiq hesablamalar üçün əsas kimi götürülməsinə imkan yarada bilər. O, beynəlxalq təcrübədə də bu cür alətlərdən istifadə olunduğunu qeyd etmişdir.
Azərbaycan Respublikası Prezidentinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndəsi Z.Babayeva ehtimal olunan qiymətin rəqəmsal vasitələrlə hesablanmasına dair artıq müvafiq işlərin aparıldığını və həmin işlərin yaxın gələcəkdə yekunlaşdırılmasının gözlənildiyini bildirmişdir.
Sonda T.Musayev iclasa yekun vuraraq iştirakçılara təşəkkürünü bildirmiş və müzakirə olunmamış digər təkliflərin növbəti iclasda nəzərdən keçiriləcəyini qeyd etmişdir.