Qərar №1, 15 sentyabr 2020-ci il
Azərbaycan Respublikasının
Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının
Q Ə R A R I
Bakı şəhəri, “15” sentyabr 2020-ci il № _1_
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli 906-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”nin 5-ci, 9-cu, 10-cu və 15-ci maddələrini rəhbər tutaraq 2020-ci il sentyabrın 15-də keçirilmiş iclasında müzakirə edilmiş məsələlər üzrə aşağıdakıları qərara alır:
- Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Sədri seçilsin.
- Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqatlar idarəsinin böyük prokuroru Ramin Ramiz oğlu Vəlizadə Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının (bundan sonra “Komissiya”) Katibi təyin edilsin.
- Komissiyanın Sədrinin korrupsiyaya qarşı mübarizənin vəziyyəti və qarşıda duran vəzifələr barədə çıxışı nəzərə alınsın və çıxışda nəzərdə tutulan müddəaların yerinə yetirilməsi üçün zəruri tədbirlər görülsün.
- Yerli icra hakimiyyəti orqanlarında korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə məruzələr nəzərə alınsın və yerli icra hakimiyyəti orqanlarında şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması ilə bağlı Komissiya üzvlərinin təklifləri öyrənilərək müvafiq müddəalar “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üzrə 2021-2025-ci illər üçün Milli Fəaliyyət Planı”nın layihəsinə daxil edilsin.
- Komissiyanın 2020-ci ilin II yarımilliyi üçün iş planı təsdiq edilsin.
- “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üzrə 2021-2025-ci illər üçün Milli Fəaliyyət Planı”nın müəyyən edilmiş əsas istiqamətləri üzrə Azərbaycan Respublikasının Milli Məclisinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Mərkəzi Bankına və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) tövsiyə edilsin və mərkəzi icra hakimiyyəti orqanlarına tapşırılsın ki, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üzrə 2021-2025-ci illər üçün Milli Fəaliyyət Planı”nın layihəsinə daxil edilməsi üçün təkliflərini iki ay müddətində Komissiyaya təqdim etsinlər.
- Komissiyanın Katibliyinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin ki, 2020-ci ilin dekabr ayınadək “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üzrə 2021-2025-ci illər üçün Milli Fəaliyyət Planı”nın layihəsini “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 46-cı, 48-ci maddələrinə əsasən aidiyyəti orqanlarla razılaşdırılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.
- İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində keçirilən tədbirlərdə və Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyətlərinin tərkibi təsdiq edilsin və müvafiq məlumatlar həmin təşkilatlara göndərilsin.
- Komissiyanın 2020-ci il 15 sentyabr tarixli iclası ilə bağlı mətbuatda məlumat dərc edilsin.
- Komissiyanın Katibliyi bu Qərardan irəli gələn məsələləri həll etsin.
- Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının
Korrupsiyaya qarşı mübarizə
üzrə Komissiyasının sədri
Samir Nuriyev