English version
Azərbaycanca

İlham Əliyev: rüşvətxorluğa, korrupsiyaya qarşı ciddi mübarizə aparılır

12:11 / 02.05.2018

Son illər ərzində ictimai xidmətlər sahəsində inqilabi dönüş baş verdi. “ASAN xidmət” mərkəzlərinin yaradılması bu sahədə inqilabi dönüş etdi. Son beş il ərzində bu mərkəzlərdə 20 milyona yaxın müraciət qəbul edilmişdir və “ASAN xidmət” mərkəzlərini bəyənmə əmsalı 100 faizə yaxındır.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda deyib. O, qeyd edib ki, rüşvətxorluğa, korrupsiyaya, bürokratiyaya qarşı çox ciddi mübarizə aparılır:

“Bu mübarizə, o cümlədən sistem xarakterli tədbirlər sahəsində aparılır. Deyə bilərəm ki, institusional tədbirlər ən səmərəli tədbirlərdir. Əlbəttə ki, cəza tədbirləri də tətbiq olunub, olunur, onların da əhəmiyyəti var. Ancaq institusional tədbirlər, rüşvətxorluq, korrupsiya üçün, necə deyərlər, meydançanın daralması istiqamətində atılan addımlar ən səmərəli addımlardır. Biz bütün bu işlərlə paralel olaraq, ölkəmizi texnoloji cəhətdən inkişaf etdirmək üçün böyük addımlar atmışıq. Azərbaycan kosmik dövlətə çevrilib. Bunu hələ bir neçə il bundan əvvəl təsəvvür etmək belə çətin idi. Hazırda bizim iki peykimiz var - telekommunikasiya və əraziləri müşahidə peykləri. Üçüncü peyk bu il orbitə buraxılacaq. Azərbaycan dünyanın məhdud olan kosmik klubunun üzvüdür. Bu, texnologiyadır, təhsildir, biznesdir və inkişafdır”.

Dövlət başçısı deyib ki, ölkəmizdə aparılan və tərəfimizdən irəli sürülmüş nəhəng nəqliyyat və energetika layihələri həm böyük vəsait tələb edirdi, eyni zamanda, ölkəmizin uzunmüddətli uğurlu inkişafını şərtləndirən layihələrdir: “Nəqliyyat sahəsində. Ölkəmizdə yeddi aeroport tikildi. Onlardan altısı beynəlxalq aeroportdur. Birinci proqram qəbul olunana qədər bizim bir beynəlxalq aeroportumuz var idi – Bakı aeroportu. Digər aeroportlar yerli əhəmiyyətli aeroportlar idi. Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Qəbələ, Zaqatala - altı beynəlxalq aeroport, bir də Yevlax aeroportu yenidən quruldu. Bu gün onlar fəaliyyət göstərir və beynəlxalq reyslər təşkil olunur. Bu, ölkəmizə turistlərin gəlişini şərtləndirir, insanlara rahatlıq verir. Vaxtilə bu layihələrə start verəndə bəziləri hesab edirdilər ki, bəlkə də biz əbəs yerə vəsait xərcləyirik, bunların heç bir istifadəsi olmayacaq. Həyat göstərdi ki, indi bizim beynəlxalq aeroportlarımızdan dünyanın müxtəlif yerlərinə uçuşlar təşkil edilir.

Mən avtomobil yolları haqqında danışdım. Azərbaycanda böyük gəmiqayırma zavodu inşa edildi. Bu gün biz bütün növ gəmiləri istehsal edə bilərik. Artıq gəmiqayırma zavodu önəmli, böyük sifarişlər icra edir. Ələt Dəniz Ticarət Limanı bu il istifadəyə verilməlidir. Bu, Xəzər hövzəsində ən böyük beynəlxalq dəniz ticarət limanıdır. Bu liman olmadan biz nəqliyyat dəhlizinə, nəqliyyat mərkəzinə çevrilə bilməzdik. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi tarixi hadisədir. Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan dövləti və xalqı qarşısında tarixi xidmətdir. Bu dəmir yolu, - bu barədə çox danışılıb, ictimaiyyət də əhəmiyyətini bilir, - həqiqətən bölgədə, Avrasiyada nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində bəlkə də son illərdə ən önəmli layihədir. Bunun bizim üçün də çox böyük əhəmiyyəti var. Artıq bir-iki aydır ki, Asiyadan, Avropadan müxtəlif istiqamətlərə gedən yüklər gəlib Azərbaycan ərazisindən keçir”.

Geri   Yuxarı   Çap et
Korrupsiyanın səviyyəsini azaltmaq üçün hansı tədbirin həyata keçirilməsini daha vacib hesab edirsiniz?
Dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması
Dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarətin gücləndirilməsi
Qanunların təkmilləşdirilməsi
Dövlət qulluğuna yeni kadrların cəlb edilməsi
Korrupsiya hüquqpozmaları törətmiş məmurlara qarşı cəza tədbirlərinin gücləndirilməsi
Məhkəmələrin müstəqilliyinin gücləndirilməsi
Əhalinin hüquqi cəhətdən maarifləndirilməsinin artırılması
Antikorrupsiya mədəniyyətinin formalaşdırılması
Məmurların, büdcə təşkilatlarında işləyənlərin əməkhaqqılarının artırılması
Məmurların gəlirləri barədə ictimaiyyətə məlumat verilməsi
Korrupsiya hüquqpozmaları barədə məlumat verənlərin dövlət tərəfindən həvəsləndirilməsi və müdafiə olunması
Dövlət orqanlarının fəaliyyəti barədə informasiya əldə edilməsinin asanlaşdırılması
Səs ver
Nəticə