English version
Azərbaycanca

Korrupsiyaya qarşı mübarizə sahəsində  2016-cı ilin I yarımili ərzində görülmüş işlərə dair mətbuat konfransı

15:26 / 27.07.2016

İyulun 15-də Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2016-cı ilin I yarımili ərzində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökümət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilmişdir.

 

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev xüsusi vurğulamışdır ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi strateji kursun mükəmməl konseptual əsaslarla davam etdirilməsi nəticəsində ötən dövrlərdə olduğu kimi 2016-ci ilin birinci yarımili ərzində də bütün sahələrdə mühüm nailiyyətlər qazanılmaqla irimiqyaslı uğurlara imza atılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük siyasi iradə, əzm və qətiyyəti hesabına davamlı iqtisadi tərəqqi, xalqın rifahının  yüksəldilməsi, müasir dünyada mövcud olan siyasi-iqtisadi vəziyyət, qlobal maraqlar sistemi nəzərə alınmaqla ölkəmizin davamlı inkişafı, korrupsiya və rüşvətxorluğa qarşı kəsərli mübarizə tədbirləri inamla həyata keçirilməkdədir. Dövlət başçısının təşəbbüsü ilə ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, şəffaflığın və azad rəqabətin təmin olunması, bürokratik əngəllərin, monopoliyanın aradan qaldırılması, məmur-vətəndaş təmasının minimuma endirilməsi, əsassız yoxlamaların aradan qaldırılması, daha çevik və keyfiyyətli idarəetmənin təmin edilməsi məqsədilə ardıcıl hüquqi və institusional islahatlar hesabat dövründə də uğurla davam etdirmişdir.

 

Bildirilmişdir ki, hesabat dövründə korrupsiyaya qarşı mübarizə sahəsində qəbul edilmiş ən mühüm sənədlərdən biri Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”dır və Fəaliyyət Planının icrası ilə əlaqədar Baş Prokurorluğun Tədbirlər Planı Baş prokuror tərəfindən 19 may 2016-cı il tarixdə təsdiq edilmişdir.

 

Qeyd edilmişdir ki, prokurorluq orqanları korrupsiya ilə mübarizəni öz fəaliyyətinin prioritet xətti kimi müəyyən etmiş, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi isə əvvəlki illərdə olduğu kimi fəaliyyətini cari ilin I yarımili ərzində də eyni intensivliklə həyata keçirilmişdir.

 

Hesabat dövründə Baş İdarə tərəfindən vətəndaşların 5327 müraciətinə baxılmış, həmçinin 146 cinayət xarakterli material araşdırılmışdır. Həmin materialların 97-i (66%) üzrə cinayət işi başlanmış, 49 (34%) material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə 60 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilmişdir.

 

Cari ilin birinci yarımilində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə  Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 3254 müraciət daxil olmuş, həmin müraciətlərin 14-ü üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanmışdır. Həmçinin, əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilmiş və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə təkrarlanmaması məqsədi ilə aidiyyəti təşkilatlara təqdimatlar göndərilmişdir.

 

Həmin dövrdə Baş İdarənin əməliyyat qurumları öz vəzifələrini uğurla icra edərək keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 6, habelə əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 15 olmaqla cəmi 21 cinayət işi başlanmışdır.

 

2016-cı ilin I yarımili ərzində Baş İdarədə dövlət və özəl sektorda çalışan 143 vəzifəli şəxs barəsində 100 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir.

 

Həmin cinayət işlərindən  48 şəxs barəsində 25 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 30 şəxs barəsində 27 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dələduzluq, 25 şəxs barəsində 17 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və aşma, 7 şəxs barəsində 7 iş rüşvət alma, 7 şəxs barəsində 4 iş rüşvət vermə, 3 şəxs barəsində 2 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 2 şəxs barəsində 1 iş vəzifə saxtakarlığı,  21 şəxs barəsində 17 iş isə digər faktlarla əlaqədar olmuşdur.

 

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş  9 milyon 785 min manat ziyandan istintaq müddətində 3 milyon 151 min manat və ya 32,2 % ödənilmiş, qalan ziyanın ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülmüşdür.

 

Hesabat dövründə Baş İdarədə 1264 vətəndaş qəbul edilmişdir. Onlardan 39-u bilavasitə Baş İdarə rəisi, 91-i idarə və şöbə rəisləri, 1134-ü isə Baş İdarənin prokurorları tərəfindən qəbul edilmişlər.

 

Həmin dövrdə korrupsiyaya qarşı mübarizə sahəsində Baş İdarə əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilmiş,  “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun tələblərinin pozularaq cinayət xarakteri daşımayan pozuntulara yol verildiyi müəyyənləşdirildiyindən həmin şəxslər barəsində “Prokurorluq haqqında” qanuna müvafiq olaraq aidiyyəti üzrə təqdimatlar verilmiş, 3 şəxs barəsində inzibati iş üzrə icraat açılmış, 3 vəzifəli şəxsə qanun pozuntusunun aradan qaldırılması barədə xəbərdarlıq edilmişdir.

 

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Vüsal Hüseynov korrupsiyaya qarşı mübarizə sahəsində parlamentin rolu, səmərəli antikorrupsiya qanunvericiliyinin formalaşdırılması üçün həyata keçirilən tədbirlər, bu məqsədlə müzakirə edilən qanun layihələri, habelə İdarə Heyətinin üzvü olduğu Beynəlxalq Antikorrupsiya Akademiyasının fəaliyyəti və həmin qurumun ölkəmizlə ikitərəfli əlaqələri barədə ətraflı məlumat vermişdir.

 

Bundan başqa, tədbirdə iştirak edən Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi vəzifəsini icra edən Kamal Cəfərov bildirmişdir ki, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” korrupsiyaya qarşı mübarizə sahəsində güclü siyasi iradənin göstəricisi olaraq, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, hüquqi və institusional islahatların davam etdirilməsi, əlaqəli dövlər orqanları ilə birlikdə daha böyük korrupsiya şəbəkələrinin aşkar edilməsi istiqamətində dövlət orqanları, o cümlədən prokurorluq orqanları qarşısında çox mühüm vəzifələr qoymuşdur.

 

Kamal Cəfərov həmçinin, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən mühüm qabaqlayıcı institusional tədbirlər çərçivəsində “ASAN” xidmət mərkəzlərinin fəaliyyətinin genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulamışdır.

 

Bildirilmişdir ki, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyini nəzərə alaraq hesabat dövründə Baş İdarə tərəfindən bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlar və digər ölkələrin müvafiq hüquq mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə xüsusi diqqət yetirilmişdir.

 

Belə ki, cari il aprelin 21-22-də Fransanın paytaxtı Paris şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üçün Anti-Korrupsiya Şəbəkəsinin (ACN) Rəhbər Qrupunun 20-ci görüşündə qabaqcıl ölkələr kimi Azərbaycan və Gürcüstan  IV Monitorinq Raunda daxil olmuşdur. Monitorinq Raundu çərçivəsində 20-24 iyun 2016-cı il tarixlərdə qurumun 10 nəfərdən ibarət ekspertlər qrupu ölkəmizə səfər etmiş və Azərbaycan Respublikası üzrə müvafiq hesabatın hazırlanması ilə əlaqədar bir sıra dövlət orqanlarının nümayəndələri ilə anti-korrupsiya siyasəti, biznesdə dürüstlük, korrupsiyaya qarşı mübarizəyə dair cinayət qanunvericiliyi və onun praktikada tətbiqi, dövlət qulluğunda dürüstlük, korrupsiya cinayətlərinin ibtidai istintaqı, dövlət ittihamının müdafiəsi və digər mövzularda müzakirələr keçirilmişdir. Azərbaycan üzrə müvafiq monitorinq hesabatın Şəbəkənin 2016-cı ilin 14-16 sentyabr tarixlərində Parisdə keçiriləcək növbəti iclasında qəbul edilməsi nəzərdə tutulmuşdur.

 

Həmçinin, cari il fevralın 4-də Malayziya Antikorrupsiya Komissiyasının Putracaya şəhərində yerləşən baş qərargahında “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Malayziyanın Antikorrupsiya Komissiyası arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanmışdır.

 

Bundan başqa,  BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), Avropa Şurasının Korrupsiyaya qarşı mübarizə aparan dövlətlər qrupu (GRECO), Beynəlxalq Prokurorlar Assosiasiyası (İAP), Beynəlxalq Anti-Korrupsiya Orqanları Assosiasiyasının (IAACA), Beynəlxalq Antikorrupsiya Akademiyasi (İACA), Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatı (GUAM) və digər təşkilatlarla səmərəli əməkdaşlıq aparılmış, Misir Ərəb Respublikasının korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış İnzibati Nəzarət Qurumunun,  Türkiyə Ali Məhkəməsinin, Səudiyyə Ərəbistanı Krallığının Təhlükəsizlik Elmləri üzrə Naif Ərəb Universitetinin məsul əməkdaşlarının daxil olduğu nümayəndə heyəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olmaqla qurumun fəaliyyəti ilə yaxından tanış olmuşlar.

 

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiyaya qarşı mübarizə fəaliyyətində qeyri-hökumət təşkilatları ilə münasibətlərin sıx qurulmasına xüsusi önəm verilmiş, Baş İdarənin fəaliyyəti, beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər, həmin tədbirlərin reallaşmasında dövlət qurumlarının və vətəndaş cəmiyyətinin rolu və digər mühüm məsələlərlə əlaqədar  kütləvi informasiya vasitələrində informasiyalar dərc edilmişdir.

 

Cari il iyulun 10-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan neqativ təzahürlərə qarşı daha ciddi mübarizə aparılması barədə verdiyi göstərişlərə uyğun olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bundan sonra da korrupsiya hüquqpozmalarını doğuran səbəb və şəraitin müəyyən edilməklə bu kateqoriyadan olan cinayətlərin qarşısının alınması istiqamətində sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin davam etdiriləcəyi xüsusi vurğulanmışdır.

 

Tədbirdə iştirak edən qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxış edərək korrupsiyaya qarşı mübarizə sahəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cari ilin I yarımili ərzində görülən işləri müsbət qiymətləndirmişlər. QHT və kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları ətraflı cavablandırılmışdır.

Geri   Yuxarı   Çap et
Korrupsiyanın səviyyəsini azaltmaq üçün hansı tədbirin həyata keçirilməsini daha vacib hesab edirsiniz?
Dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması
Dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarətin gücləndirilməsi
Qanunların təkmilləşdirilməsi
Dövlət qulluğuna yeni kadrların cəlb edilməsi
Korrupsiya hüquqpozmaları törətmiş məmurlara qarşı cəza tədbirlərinin gücləndirilməsi
Məhkəmələrin müstəqilliyinin gücləndirilməsi
Əhalinin hüquqi cəhətdən maarifləndirilməsinin artırılması
Antikorrupsiya mədəniyyətinin formalaşdırılması
Məmurların, büdcə təşkilatlarında işləyənlərin əməkhaqqılarının artırılması
Məmurların gəlirləri barədə ictimaiyyətə məlumat verilməsi
Korrupsiya hüquqpozmaları barədə məlumat verənlərin dövlət tərəfindən həvəsləndirilməsi və müdafiə olunması
Dövlət orqanlarının fəaliyyəti barədə informasiya əldə edilməsinin asanlaşdırılması
Səs ver
Nəticə